Ötən ilin fevral ayında başlayan Rusiya Ukrayna müharibəsi dünyada bir çox qlobal problemlərin yaranmasına səbəb oldu. Xususilə, əsas ərzaq və qaz ixracatçısı kimi Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin kəskinləşməsi yaranmış böhranı daha da dərinləşmişdir. Ümumiyyətlə, yaxın keçmişə qədər keçmiş SSRİ - nin tərkibinə daxil olan respublikalarda çıxaralan karbohidrogen ehtiyatları Avropaya məhz Rusiyanın vasitəsilə nəql edilmişdir. Əsas ixrac kəmərləri Rusiyanın inhisarında olduğundan sonradan müstəqillik qazanmış ölkələr öz ərazilərində çıxarılan qazı yenə də Rusiya vasitəsilə ixrac etmək məcburiyyətində qalmışlar. Sözsüz ki, bu vəziyyətdən istifadə edən Rusiya daima qaz faktorundan Avropa ölkələrinə siyasi təzyiq vasitəsi kimi yararlanmağa çalışmışdır. 1994 - cü ildə Beynəlxalq Neft konsorsiumu ilə Əsrin müqaviləsini reallaşdıran Azərbaycan əvvəlcə Bakı - Tbilisi- Ceyhan neft kəmərinin, ardınca Bakı - Tbilisi- Ərzurum qaz kəmərinin reallaşmasına nail oldu. Bununla da ölkəmiz Avropa üçün etibarlı neft və qaz ixracatçısına çevrildi. Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul edən Qərb dövlətləri zaman - zaman Rusiya qazından imtina edə biləcəklərini dilə gətirmişlər. Rusiya - Ukrayna müharibəsində Avropa dövlətləri birməna şəkildə Ukraynanı dəstəkləməkdə davam edirlər. Ukraynaya açıq şəkildə hərbi və humanitar yardımlar edən Qərb, artıq Rusiyanın qaz hədələrinə məhəl qoymur və Rus qazından imtina edə biləcəklərini açıq - aydın bəyan edirlər. Yaranmış vəziyyət Azərbaycanı Avropa üçün daha da cəlbedici edir.Aprelin 25 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin dəvəti ilə Bolqarıstan Respublikasına səfər etmişdir. Burada yüksək səviyyədə qarşılanan Azərbaycan Prezidenti Bolqarıstan Prezidenti ilə müxtəlif tədbirlərdə iştirak etmişlər. Burada Azərbaycan və Bolqarıstan arasında anlaşma memorandumu imzalanmışdır. Anlaşma Memorandumunun imzalanması mərasimindən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR - ın ofisinin açılışında iştirak ediblər. Qeyd edilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin Bolqarıstan nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub . Saziş Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya qaz sistemləri operatorları və Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın inkişafı üçün nəzərdə tutulub. Səfər çərçivəsində Bolqarıstan Prezidenti Rumen Radev və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Sofiyada Avropa İttifaqına təbii qaz tədarükünün təhlükəsizliyin artırılması məqsədilə anlaşma imzalanıb. Eyni zamanda səfər zamanı Yunanıstan ilə Bolqarıstan arasında qaz inbterkonnektorunun rəsmi açılış mərasimi də keçirilib. Göründüyü kimi Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına sonuncu səfəri proqram etibarilə olduqca zəngin bir səfər olmuşdur. Səfər Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyan bir səfər olmuşdur. Ələddin Əhmədov,Xocalı şəhər 3 nömrəli tam orta məktəbin müəllimi